Kateqoriya: Uncategorized

Zaman kompüter qrafikası prizmasında


Zaman kompüter qrafikası prizmasında

Zaman incəsənət texnologiyalarına da öz düzəlişlərini və əlavələrini edir. Rəssamlıqda kompüter qrafikası bir yaradıcılıq üslubu olmaq etibarilə öz mənşəyini keçən yüzilin 60-cı illərindən götürür və bu gün Azərbaycanda bu üslubu mənimsəmiş rəssamlar var. Məsələn, illərdən bəri “Ayna” və “Zerkalo” qəzetlərində çalışan tərtibatçı rəssam Etibar Aslanov. Keçən cümə günü Vəcihə Səmədova ad. Sərgi Salonunda onun kompüter qrafikası əsərlərindən ibarət sərgisi açıldı və bu sərgi onun sənətsevərlər qarşısında növbəti imtahanı idi. Belə ki, Etibar Aslanov bu günədək Bakıda və xarici ölkələrdə 10-a yaxın sərgidə öz qrafik əsərləri ilə uğurla iştirak etmişdir.Bu rəssam və kompüter qrafikası yaşıddırlar. Etibar Aslanov 1963-cü ildə Bakıda doğulub, elə həmin il amerikalı alim Ayven Sazerlend “Sketchrad” proqram-aparat kompleksini yaradıb ki, bu kompleks rəqəmli qələmucu ilə boruda nöqtələr, xətlər və dairələr rəsm etməyə imkan verib. Bu, mahiyyət etibarilə kompüterdə gerçəkləşdirilən ilk vektor redaktoru idi. Bu gün isə kompüter qrafikası dünya incəsənətində – rəssamlıqda, kinoda, televiziyada özünə vətəndaşlıq qazanmışdır. Bu, bizim ölkəyə ayaq açıb, onu mənimsəmiş olanlar var, sadəcə, onu sərgi formasında geniş seyrçi kütləsinə təqdim edən hələlik bir nəfərdir. Bu – Etibar Aslanovdur.O vaxtdan, yəni 60-cı illərdən saysız texniki yeniliklər həyata vəsiqə aldı və bu gün həyatımız kompütersiz təsəvvürə gətirilmir. Əzimzadə ad. Rəssamlıq Məktəbini bitirən, neçə illər “Göyərçin” şəkilli uşaq dərgisində rəssam olaraq çalışan Etibar Aslanov dəzgah qrafikası sahəsini seçmişdi. Bir vaxtlar uşaqlar üçün şəkillər çəkirdi. Sonra isə zamanla ayaqlaşmalı oldu və günlərin birində bir də gördü ki, fırça ilə yanaşı kompüteri də bu işə cəlb edib.

Bu sərgi Etibar Aslanov üçün həm fərdi, həm eksperimental, həm də tematik sərgidir. Azərbaycan incəsənətində öz sözünü kompüter qrafikası ilə deməsi, Ziyadxan Əliyevin sözü ilə deyilsə, yəqin ki, onun alın yazısıdır. Öz bədii fantaziyalarını bu texniki vasitə ilə gerçəkləşdirməyə keçən yüzilin sonlarından başlamışdır və müvəffəq olmuşdu.

Təkrar edirik: kompüter, sadəcə, bir texniki qurğudur, böyük imkanları olan texniki qurğu, fəqət bu qurğudan bir alət olaraq istifadə edən yaradıcı şəxsin sərhədsiz fantaziyası, dərin təxəyyülü, incə duyumu olmalıdır. Etibarda bu var. Və bu qabiliyyət bir gündə formalaşmır. İllərlə kompüterin qarşısında əyləşib səhifələrə tərtibat vermək onda bu qabiliyyətini bəlkə də, sadəcə, oyatmışdı.

Əsrin müqaviləsinin 15 illiyinin qeyd edildiyi bu günlərdə onun “Azərbaycan nefti: tarix və müasirlik” adlı tematik sərgisində biz kompüter qrafikası prizmasından Azərbaycan neftinin inkişaf tarixini özünəməxsus rəsmlər qalereyasında izləyə bilirik. Etibar Aslanov özü bu mövzunu ən azı 5-6 ildir izləyir və zaman-zaman bu epopeyanın ayrı-ayrı epizodlarının bədii təsvirini verir. Onlar rəssamın bu mövzudakı əsərlərinin cəmləndiyi topluda da sənət sərraflarının mühakiməsinə təqdim olunur.

Sənət adamları Etibar Aslanovun sərgiyə çıxardığı əsərlərinə yüksək qiymət verdilər. Sənətşünas Ziyadxan Əliyevə görə, bu sərgi “Azərbaycan təsviri sənətini müasir meyillərlə zənginləşdirir və bu mənada həm də ilk qaranquşdur, müəllif texnikanı bütün mənalarda ram edə bilmişdir və bu sərgi onun uğurudur”.

Sənətşünas Dilara Vahabovaya görə isə, “yeni texnologiyalara yiyələnmiş olan bizim istedadlı rəssam özünü zamanla ayaqlaşan ustad kimi büruzə verir”.

Sərgi hələ davam edir. Bir xeyli davam edəcək. İctimai maraq pis deyil…

Müəllif:

Graphic Designer

Bir şərh yazın