Posted in Kulturologiya

Kulturoloji problemlərin tədqiqi (1)


Kulturologiya dünyaya, sosial reallığa, mədəni-mənəvi aləmə, insanın oradakı yeri və roluna bir küll halında baxır. Bu elm eyni zamanda universal dəyərləri, keçmişin mənəvi irsini, cəmiyyətin mövcud bədii-mənəvi komponentlərini real gerçəklik baxımından təhlil edir. Kulturologiya dünyada gedən qlobal prosesləri, həm də xalqımızın mənəvi-əxlaqi dəyərlərinin qorunub saxlanılmasını, inkişaf etdirilməsini və gələcək nəsillərə çatdırılmasını öz qarşısına bir məqsəd və vəzifə kimi qoyur. Kulturologiya həm də müxtəlif sivilizasiyaların biri-birinə münasibətini, insan faktorunun təbiətə, istehsala, ətraf mühitə və s. amillərlə qarşılıqlı əlaqəsini araşdırır və onun inkişaf meyillərini öyrənir. Bu baxımdan informasiya-kommunikasiya və rəqəmsal texnologiyaların tətbiqi, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdəki mədəniyyət sənayesinin təşəkkülü kulturoloji prosesləri qloballaşan dünyada ön plana çəkir. Dünyada gedən bu tendensiyalardan və mürəkkəb qlobal proseslərdən baş çıxara bilən kulturoloq kadrların hazırlanması isə bu gün ölkəmiz üçün daha vacib əhəmiyyətə malikdir.

Kulturologiya insanın ictimai şüuru və yaradıcılığı əsasında formalaşan bir anlam olsa da o, həm də hər bir yaradıcı fərdin meydana gətirdiyi yenilikləri, oxşar yaradıcılıqların daima təkrarlanan mənəvi mühitidir. Bu mühit həm yaradıcılığa, həm də milli mentalitetin inkişafına təsir edən müxtəlif amillərlə zəngindir. Məhz bu zənginliklər isə bu gün cəmiyyətdə mübahisə doğuran “mədəniyyətşünaslıq” və ya “kulturologiya” kimi anlamların yaranmasına, onların ictimai şüurda möhkəm yer tutmasına zəmin yaradır. kulturologiya insanın mədəni mövcudluğunun müxtəlif formalarını əsaslı şəkildə əlaqələndirən və cəmiyyətdə şəxsiyyətin əxlaqi keyfiyyətlərini hərtərəfli tədqiq edən bir elmdir. İnsanın mədəni mövcudluq formalarının nəzərdən keçirilməsinin tarixi və nəzəri üsulları kulturologiyada özünün əməli həlli yollarını tapır.

Kulturologiya (lat. cultura — becərmə, tərbiyə etmə, ehtiram etmə; qəd. yun. λόγος (logos) – məna, səbəb) – insanın və bəşəriyyətin yaradıcı həyatı və fəaliyyəti haqqında elmdir.O, insanın həyat fəaliyyətinin mahiyyət, xüsusiyyət, tarixi nailiyyəti, inkişaf qanunları, texnologiyaları və dəyişdirici imkanlarını aşkarlayır. O, idrakın elə bir çoxpilləli piramidasıdır ki, onun pillələrini qalxarkən, insan tədricən xüsusi elmi biliklərə yiyələndikcə, bu gününü pozitiv idarə etmək, dəyişmək, daha yaxşı gələcək qurmaq qabiliyyətlərini dəfələrlə artırıb müdrikliyə yaxınlaşır

Kulturologiyanın yeri və predmeti haqqında hətta XXI əsrin əvvəllərində də vahid fikir formalaşmamışdır. Əsasən iki –təcrid etmə və inteqrativ mövqelər geniş yayılmışdır. I mövqeyə görə kulturologiyanın özünün,yəni başqa elmlərin heç birinə bənzəməyən baxışı vardır.II mövqeyə görə isə əksinə, kulturologiya mədəniyyət haqqında sosial və humanitar biliklərin sintezidir. Kulturologiya fənni bir-birilə əlaqədar aşağıdakı vəzifələri həll etməlidir. •Mədəniyyətin əsas tarixi tipləri, qanunauyğunluqları, funksiyası, strukturu və mahiyyəti haqqında zəruri olan minimum biliklərin verilməsi; •Xüsusi və humanitar biliklərin harmonik əlaqələndirilməsi,peşə etikası və mənəviyyatın işlənilməsi yardım göstərilməsi; •Müxtəlif milli-mədəni, etno –konfessional və digər platformaların tənqidi, yaradıcı qavrayışına imkan yaradılması; •Mədəni simvollar dünyasında, incəsənət, ədəbiyyatda musiqidə və s.-də istiqamətlərdən baş açmağa, kömək edilməsi; •Mədəniyyətin sosial-dəyişdirici funksiyalarını dərk edilməsi və qavranılması metodların işlənib hazırlanması;

Kulturologiyanın inkişafı ictimai, humanitar və təbiət elmlərinin metod və nailiyyətlərinin istifadəsi ilə əlaqədardır. Onlar arasında tarix, fəlsəfə, məntiq, psixologiya, sosiologiya, etika, estetika, etnoqrafiya, dinşünaslıq, arxeologiya, coğrafiya, filologiya, sənətşünaslıq, linqvistika, hermenevtika, semiotika, numizmatika, toponimika, sinergetika, politologiya, iqtisadiyyat, ekologiya, ontologiya,, qnoseologiya, dövlətşünaslıq, hüquqşünaslıq, ölkəşünaslıq, futurologiya, diplomatiya tarixi, inzibati idarəetmə, menecment, qlobalistika, riyaziyyat. informatika və digər elmlər vardır.

Müasir həyatda sosial və humanitar elmlərin ənənəvi metodlarına tabe olmayan mürəkkəb sosial-siyasi problemləri düzgün konseptual görmək, planlaşdırmaq və sistemli həll etmək məsələsi cəmiyyətmizin aktual problemlərindən biridir.

Bir elm kimi, kulturologiyanın banisi haqlı olaraq, amerika antropoloqu Lesli Alvin Uayt hesab edilir. Onun 1949-cu ildə nəşr olunmuş “Mədəniyyət haqqında elm” kitabı mədəniyyət və onun qeyri-adi inqilabi dəyişdirici imkanları haqqında keyfiyyətcə yeni, daha yüksək səviyyəli təsəvvürlərin yaranmasına səbəb oldu. O, humanitar biliklər sahəsində yeni ənənələrin formalaşmasına təsir edərək, ictimai elmlərin inkişafına öz zəngin töhfələrini vermişdir.

Dünya kulturoloji fikri ilə tanışlıq göstərir ki, mədəniyyət və mədəni inkişaf problemləri hələ antik dövrdən qabaqcıl insanları narahat etsə də, kulturologiyanın elm kimi təşəkkül tapması üçün şərait XIX əsrdə antropologiya, etnologiya, sosiologiya və psixologiyanın inkişafı nəticəsində əmələ gəldi. Kulturologiyanın təşəkkül və inkişafının aşağıdakı mərhələlərini qeyd etmək olar:
İnsan və onun dünyasının tədqiqi ilə məşğul olan etnologiya və antropologiyanın inkişafı ( XIX əsrin axırlarına qədər);
Sosiologiya və psixologiyanın təşəkkülü və inkişafı (XIX əsrin axırlarından);
Öz fəaliyyət və inkişaf qanunauyğunluqları olan bəşəriyyətin mədəniyyəti haqqında elm olan kulturologiyanın təşəkkülü və inkişafı (XX əsrin ortalarına yaxın);
Sistemli kulturoloji tədqiqatların intensiv inkişafı (XX əsrin II yarısından etbarən).

Kulturologiya elmi yaranmazdan əvvəl mədəniyyət anlayışına müxtəlif yanaşmalar olmuşdur. Bir çox mədəniyyətlər üçün səciyyəvi olan ilkin ümumi inkişaf qanunları və qanunauyğunluqları əvvəl etnologiya, sonra isə mədəni və sosial antropologiya çərçivəsində öyrənilirdi. Etnologiyanın formalaşması XIX əsrin 80-ci illərinin sonlarında bəşəriyyətin tarixi inkişaf proseslərinin öyrənilməsi çərçivəsində baş verirdi. Onun vəzifələrinə – mədəniyyətin təbii tarixinin, mədəni tərəqqinin mərhələlərinin, mədəni təkamülün aşkar edilməsi və müxtəlif mədəniyyət və cəmiyyətlərin düşüncə tərzinin dəyişməsinin aşkarlanması daxil idi. Kulturologiya yaranmazdan əvvəl insanların həyatını öyrənən elmlərdən biri etnologiya olmuşdur.Mədəniyyətin tədqiqində bir sıra alimlərin mülahizləri və təklifləri olmuşdur. Və bu mülahizləri,təkliflərin şərhini vermək ən önəmli məsələlərdən biridir. İbtidai mədəniyyətin tədqiqatçısı, etnologiyada təkamül cərəyanının banisi ingilis etnoqrafı Eduard Taylor öz tədqiqatlarını insan və sivilizasiya problemlərinin öyrənilməsinə həsr etmişdir. Digər xalqların həyatını tədqiq edərkən, o, ilk dəfə olaraq, vəhşilik, barbarlıq və sivilizasiya pillələri ilə irəliləyən insan mədəniyyətinin obyektiv tarixi inkişaf qanunauyğunluqlarını dərk edib araşdırmağa çalışmışdır. Taylor tarixi prosesin təhlili üçün tipoloji müqayisə və “qalıqlar metodu”-dan istifadə edərək, mədəniyyətin inkişafında təbii səbəb və nəticə əlaqələrini aşkar etmişdir. O, mədəniyyəti müstəqil inkişaf edən sahələrin vəhdəti kimi nəzərdən keçirərək, haqlı olaraq qeyd edir ki, maddi mədəniyyət ruhi mədəniyyətin törəməsidir. Sonrakı əsərlərində alimin tədqiqat obyekti bütövlükdə cəmiyyətin sosial mədəniyyəti olmuşdur.

Mədəniyyət fenomenlərinin səhra etnoloji tədqiqatlarının pioneri, ibtidai cəmiyyət nəzəriyyəsinin banisi, amerika etnoqrafı və tarixçisi Lüis Morqan bəşəriyyətin tarixinin vəhdət və tərəqqidən ibarət olması ideyasını iddia etmişdir. Kulturologiyanın digər sosial-humanitar elmlərlə qarşılıqlı əlaqəsi mədəniyyətlərdə təkamül və diffuziya hadisələrinin izahını da araşdırırdı.Mədəniyyət hadisəsilə bağlı bir sıra məktəblər mövcud olmuşdur. Etnologiya mədəniyyəti iki tip etnoqrafik təfsir – mədəniyyətlərdə təkamül və diffuziya hadisələrinin izahı, vasitəsi ilə tədqiq edirdi. Təkamül nəzəriyyəsi müxtəlif coğrafi regionların oxşarlığını insan psixikasının eyniliyi və şəraitin ümumiliyi ilə şərtlənən müstəqil hadisə kimi nəzərdən keçirirdi. Miqrasiya ilə bağlı mədəni diffuziyaya əsaslanan etnoloji təfsir isə təkamül nəzəriyyəsini inkar edərək, onun biologiyadan iqtibas edildiyini söyləyirdi. Bu cərəyanın nümayəndələri öz etnoloji məktəblərini – “tarixi etnologiya” amerika məktəbini (Boas, Kryober, Uissler) və alman “mədəni tarixi məktəbi”-ni (Ratsel, Frobenius, Şmidt) yaratmışlar.

Amerika tarixi-etnoloji məktəbinin xidməti ondan ibarət olmuşdur ki, onlar mədəni birliyi izah edən və mədəni dəyişikliyi idarə edən universal bioloji və və psixoloji qanunları aşkar etmişlər. Alimlər göstərmişlər ki, bütün mədəniyyətlərə aid olmasına baxmayaraq, bu qanunlar müxtəlif formalarda təzahür olunur. Bu məktəb daxilində mədəni dinamika, mədəniyyətin inteqrasiyası, şəxsiyyət və cəmiyyətin, “mədəni arealların” qarşılıqlı təsiri mədəni cəhətlərin yayılması və s.

Kulturologiyanın sosial-humanitar elmlərlə qarşılıqlı əlaqəsi yarandığı dövrdən olmuşdur. Kulturologiyanı , Antropologiya elminin davamı kimi göstərmək olar.Çünki, hər iki elm predmetinə görə bir-birinə yaxın elmlərdir. Antropologiya elmi əsasən Amerikada yaxşı inkişaf etmişdir.

Amerika antropoloqu Frans Boasın diqqət mərkəzində insanların sosial adət, fiziki səciyyə və dillərinin oxşar və fərqli cəhətləri problemi dururdu. Onun tədqiqat obyektləri – Amerika hindularının folklor, təsviri incəsənət mifləri, sənətləri, qohumluq sistemləri, psixologiyaları və mədəni əraziləri idi. Boas insanın bioloji və mədəni mahiyyətini “Boas antropologiyasının dörd sahəsi” adını almış metodlarla öyrənirdi. Onlar bioloji tədqiqat üçün ölçü və statistikaya; dilçilik üçün qramatik təhlil və testləşdirməyə; kulturoloji hadisələr üçün yayılma analizi və bütöv tədqiqatlar; mədəni keçmişin öyrənilməsi üçün isə, stratiqrafik arxeoloji tədqiqatlara əsaslanır. Taylor, Loui, Uisslerin mədəni antropologiyası ənənələrinin dirçəldilməsinə istinad edən Boas, mədəniyyətin təkamül prosesləri ilə fəal məşğul olmağa başlayır. Alim amerika antropologiyasına alman mədəni-tarixi məktəb ənənələrini gətirərək, orada tarixi etnologiya məktəbini yaratdı. Təhlilin tarixi metodlarını təkamülçülüyün nəzəri ümumiləşdirmələrinə qarşı qoyub, səhra təcrübəsi tədqiqatlarına istinad edən Boas, mədəniyyətin – inteqrasiyası, diffuziyası və onların qarşılıqlı təsirlə bütövləşməsindən ibarət, ikililik anlayışını yaratdı. Müxtəlif mədəniyyətlərin universal və oxşar cəhətlərini qeyd edən təkamülçü yanaşmanın əhəmiyyətini inkar etməyən alim, hər bir mədəniyyətin öz inkişafının nəticəsi olan özünəməxsus xüsusiyyətlərin mühüm əhənmiyyətini göstərmişdir. Boasın xidmətləri ondan ibarət olmuşdur ki, o, XIX əsrin təkamül antropologiyasına ciddi töhfələr vermiş və amerika antropologiyasının başlıca məfhumu olan “mədəniyyət” anlayışının tanınmasına nail olmuşdur.

Yuxarda qeyd etdiyimiz kimi kulturologiya sosail-humanitar elmlərlə qarşılıqlı əlaqəsi nəticəsində inkişaf edir. Və kulturologiyanın araşdırılmasında sosial –humanitar elmlərlə məşğul olan bir sıra alimlərin böyük rolu vardır. Və bu sıradan Alman mədəni-tarixi məktəbin də rolu olmuşdur.

 

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma